Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 00:35

İyulun 10-da Azərbaycan və Ermənistan liderləri Əbu-Dabidə görüşəcək


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

Bu barədə Azərbaycan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində gerçəkləşəcək.

İki lider bundan əvvəl sonuncu dəfə bu il mayın 16-da Tiranada görüşmüşdülər. Bu görüş Albaniyada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında gerçəkləşmişdi.

Bu ilin martında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni barədə razılığa gəliblər. Lakin iki ölkə arasında yekun sülh razılaşması hələ imzalanmayıb.

Azərbaycan tərəfi bildirmişdi ki, onların sazişin imzalanmasından öncə bəzi şərtləri var. Azərbaycan hesab edir ki, Ermənistan konstitusiyasında onlara ərazi iddiaları var və bu aradan qaldırılmalıdır. Üstəlik, rəsmi Bakı hesab edir ki, uzun illər iki ölkə arasında sülh danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlik edirdi) buraxılmalıdır. Rəsmi Yerevan ATƏT-in Minski qrupu ilə bağlı şərti həll edilən sayır. Amma onlar hesab edirlər ki, konstitusiya məsələsi sülh sazişinin imzalanmasına maneə olmamalıdır. Ermənistanın bəzi rəsmilərinin vurğulamasına görə, Azərbaycan konstitusiyasında da onlara ərazi iddiaları var. Hərçənd rəsmi Bakı bunu qəti təkzib edir.

Ermənistan rəsmiləri bəyan etmişdilər ki, sülh sazişi imzalamağa hazırdırlar.

Rubio Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında potensial sülh sazişi ilə bağlı nikbinlik ifadə edərək bunun Vaşinqtonun dəstəyi ilə tezliklə əldə oluna biləcəyinə ümid etdiyini deyib.

İyulun 8-də Ağ evdə keçirilən hökumət kabinetinin iclasında danışan Marko Rubio son dövrlərdə baş verən bir sıra qlobal hadisələrə toxunaraq belə deyib: "NATO ilk dəfə olaraq hərbi xərcləri 5 faizə çatdırdı... Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi var, 12 günlük müharibə ABŞ-nin səyi ilə başa çatdı – bu, dünyada yalnız bizim edə biləcəyimiz bir şey idi. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında da sülh sazişi imzalanacaq. Yaxın Şərq və onun infrastrukturunda isə indi dəyişiklik potensialı var – bu, Suriya və Livanla bağlıdır".

Rəsmi Bakı və Yerevan martın 13-də sülh sazişi üzrə işlərin başa çatdığını elan ediblər. Yerevan sazişi imzalamağa hazır olduğunu bəyan etsə də, rəsmi Bakı müəyyən şərtlər irəli sürüb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG