Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 00:42

Naxçıvan Konstitusiyasına dəyişiklik edildi


Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Layihədə Naxçıvan Muxtar Respublikasının (NMR) Konstitusiyasına iki yeni maddənin əlavə edilməsi, bir maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər nəzərdə tutulurdu.

Beləliklə, ölkə Konstitusiyasında NMR-in Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa muxtar respublika konstitusiyasının Preambulasında da əksini tapıb.

Habelə NMR Konstitusiyasına "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı maddə əlavə edilir. Vurğulanır ki, həmin nümayəndəlik NMR-də Azərbaycan prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Onun rəhbərini ölkə prezidenti vəzifəyə təyin edir və vəzifədən çıxarır.

Layihədə həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı yeni maddə yer alıb. Yeni təklifə əsasən, Naxçıvan MR Ali Məclisini 31 deputatın tələbi ilə özü və ya vəzifələrini icra edə bilmədikdə Azərbaycan prezidenti buraxacaq.

Hüquqşünaslar bildirirlər ki, həm Azərbaycan, həm də Naxçıvan MR Konstitusiyasında Ali Məclisin buraxılması ilə bağlı prosedur qeyd olunmayıb.

Muxtar respublikada prezidentin hökmü artırılır

Eyni zamanda, dəyişikliyə əsasən, NMR Ali Məclisinə seçkiləri Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan prezidenti təyin edəcək.

Nəticə olaraq NMR Ali Məclisinin sədri seçilmək üçün orada beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılır.

Sənəddə əksini tapan digər dəyişiklik isə NMR-in yerli icra hakimiyyətləri başçılarının Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir.

NMR Nazirlər Kabineti onun Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

'Vasif Talıbovdan sonra heç nə dəyişməyib, əksinə, hər şey məhv olub'
Gözlə

No media source currently available

0:00 0:07:29 0:00

Xatırlatma

1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 3 il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.

Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.

Ötən əsrin 90-cı illərində Naxçıvan MR rəhbərliyi ilə rəsmi Bakı arasında müəyyən ziddiyyət yaranmışdı. Rəsmi Bakının Naxçıvana daxili işlər naziri postuna öz kadrını göndərməsi muxtar respublika rəhbərliyinin etirazına səbəb olmuşdu. Tərəflər arasında qısa gərginlik Naxçıvan rəhbərliyinin istəyi ilə başa çatmışdı. Həmin vaxt prezident postunu Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy tuturdu. O, cəmi bir il hakimiyyətdə oldu. NMR Ali Məclisinə isə sonradan prezident olacaq Heydər Əliyev rəhbərlik edirdi.

XS
SM
MD
LG