Seçicilərin hüquqlarının müdafiəsi və seçkilərin müşahidəsi üzrə "Qolos" (Səs) ümumrusiya hərəkatı fəaliyyətini dayandırdığını elan edib.
Təşkilatın saytında yayımlanan bəyanatdan aydın olur ki, müvafiq qərar "Qolos"un həmsədri Qriqori Melkonyants barəsində cinayət işi üzrə məhkəmə hökmü ilə bağlıdır. Təşkilat qeyd edir ki, bu hökm "seçim imkanı qoymur, çünki yalnız "Qolos"un bütün nümayəndələrini deyil, hətta sadəcə olaraq məsləhət və hüquqi yardım istəyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunma təhlükəsi yaradır".
Mayda Moskva məhkəməsi Melkonyantsı "arzuolunmaz" təşkilatın işini təşkil etməkdə günahlandıraraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edib.
"Qolos"un bəyanatında qeyd olunub ki, təşkilat Melkonyantsın hökmünün mətnini bu yaxınlarda əldə edə bilib. "Məhkəmə bu mətndə "Qolos"u praktiki olaraq Rusiyada heç vaxt müşahidə və fəaliyyət göstərməyən tanınmış "arzuolunmaz" ENEMO təşkilatı ilə eyniləşdirir", - bəyanatda bildirilib.
"Dostumuz və həmkarımız Qriqori Melkonyantsın həbsində yalnız bir məqsəd var idi - "Qolos"u susdurmaq", - təşkilatın əməkdaşları deyiblər.
"Qolos" bəyan edib ki, hərəkatın bütün regional şöbələri ləğv edilib, şura üzvlərinin, regional şöbələrin sədrlərinin və üzvlərinin, eləcə də təftiş komissiyası üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Bütün layihələrin, o cümlədən ən məşhur layihələrdən birinin - uzun illər seçkilər zamanı seçki məntəqələrində mümkün pozuntular barədə məlumatların yerləşdirildiyi "Pozuntular xəritəsi"nin işi dayandırılıb. Həmçinin, təşkilatın internet saytının və sosial şəbəkələrdəki hesabların yenilənməsi, tərəfdaş təşkilatlara göndərilən ianələrə abunə dayandırılıb.
"Bu, 25 il davam etmiş bir hekayənin sonudur. Uzun illər boyu vaxtını və enerjisini ölkəmizdə səmərəli institutlar və ədalətli seçkilər naminə sərf edən hər kəsə təşəkkür edirik. "Qolos" heç vaxt məqsədini hansısa siyasi qüvvələrin qələbəsi kimi görməyib, çünki seçkilərin müşahidəsi siyasi fəaliyyət deyil, Rusiyanın konstitusiya quruluşunu qorumaq və dövlət tərəfindən təmin olunmuş vətəndaş hüquqlarını müdafiə etmək vasitəsidir", - hərəkatın bəyanatında deyilir.
İstintaqın versiyasına görə, "Qolos" hərəkatı Avropa Seçki Müşahidə Təşkilatları Şəbəkəsinin (ENEMO) strukturuna daxildir. Bu təşkilat 2021-ci ildə Rusiyada "arzuolunmaz" təşkilat elan olunub. "Qolos" hərəkatı isə bildirir ki, 2020-ci ildə ləğv edilmiş "Qolos" assosiasiyasından fərqli olaraq, onun ENEMO ilə heç bir əlaqəsi yoxdur.
"Qolos" yalnız "xarici agentlər"in siyahısına salınmışdı, lakin Rusiya hakimiyyəti onun fəaliyyətinin qadağan olunduğunu elan etməmişdi.