Pakistanın hərbi liderləri bu yaxınlarda Ağ evdə görüşlər keçirəndə onun regiondakı müttəfiqi İran İsrailin raket atəşi altında idi. İsrail İslamabadın regiondakı əsas rəqibi, ABŞ-nin isə müttəfiqidir.
Regionda gərginliyin gücləndiyi bir vaxtda bu iki hadisə Pakistanın üzləşdiyi mürəkkəb diplomatik şahmat taxtasının əksi idi. Belə ki, İslamabad rəqib ölkələrlə əlaqələrini, gərgin məzhəb bağlarını, strateji maraqlarını balanslaşdırmağa çalışır. Həm də dəyişən alyanslar, proksi münaqişələr, iqtisadi rəqabətlə çalxalanan bir regionda.
AzadlıqRadiosunun "Radio Maşaal" xidmətindən Daud Xattak yazır ki, Pakistan daima ABŞ və Çinlə əlaqələri balanslaşdırmaq kimi çətin seçim qarşısında qalıb. Amma İran və Yaxın Şərqin digər ölkələri ilə münasibətləri idarə etmək bir çox cəbhələrdə daha böyük çətinlik yaradır.
Ağ evdə qapalı görüş
İsrail və ABŞ-nin 12 gün ərzində İranın nüvə və hərbi obyektlərini bombalaması bu mürəkkəbliyi gücləndirib. Pakistan ordusunun başçısı, feldmarşal Asim Munir isə bu arada Trampla görünməmiş üzbəüz görüş keçirib, onlar iki saatdan çox danışıblar.
Görüş barədə çox az məlumat açıqlanıb. Munir deyib ki, Pakistan mayda Hindistanla dördgünlük qarşıdurmasının bitməsi üçün ABŞ-nin diplomatik səylərinə görə "dərin" minnətdarlıq bildirib.
Ağ ev qapalı keçirilən bu görüş haqda bəyanat yaymayıb. Tramp bircə onu deyib ki, Munirlə görüşdən "şərəf duyur".
"Pakistan indi çox çətin seçim qarşısındadır – İrana elə dəstək verməlidir ki, iki böyük maliyyə dəstəkçisi olan Səudiyyə Ərəbistanı və BƏƏ-ni narazı salmasın, eyni zamanda ABŞ-ni qıcıqlandırmasın", – Cənubi Asiya üzrə müstəqil təhlilçi Sahar Xan Atlantik Şurası üçün bloq postunda yazıb.
Məzhəb ayrılığı
İranın İsraillə hərbi münaqişəsində Pakistanın sünni müsəlmanlarının çoxu şiə İranına dəstək bildirib, necə deyərlər, "düşmənimin düşməni mənim dostumdur".
Pakistanda çoxları İsrailə qonşu Hindistandan sonra ikinci düşmən kimi baxırlar. Amma məzhəb fərqinə görə İrana rəğbət bəsləyənlər də çox deyil.
Pakistanda sərt xətt tərəfdarı sünni qruplar şiələri kafir sayırlar, həm də bu münasibət qarşılıqlıdır.
İran əhalisinin 90-95 faizi şiə, Pakistanın 250 milyonluq əhalisinin 80-85 faizi isə sünni müsəlmanlardır.
Pakistan öz ərazisindəki şiə müsəlmanlara İranın təsirindən narahatdır. Bu, özəlliklə Xayber-Paxtunxva əyalətindəki Kurram rayonu, həmçinin Kəşmir muxtar ərazisindəki Qilqit-Baltistanla bağlıdır.
İran isə Pakistanın şiələrə və İrana qarşı çıxan "Caiş əl-Ədl" hərbi qruplaşmasına dəstək verməsindən şübhələnir. Bu qruplaşma İranın Sistan-Bəlucistan vilayətində fəaldır.
İki ölkənin təxminən 900 km-lik sərhədi boyunca insan və narkotik alveri geniş yayılıb.
Balanslaşdırma
Ara-sıra təlatümlərə baxmayaraq, Pakistanın İranla əlaqələri ümumilikdə sabitdir. İki ölkə BMT və digər beynəlxalq forumlarda bir-birini dəstəkləyir.
Amma Yaxın Şərqdə iki əsas ideoloji rəqiblər olan İran və Səudiyyə Ərəbistanı ilə əlaqələri balanslaşdırmaq əlavə çətinliklər yaradır.
"Reallıq odur ki, Pakistan tarixən alyanslara qoşulub. ABŞ, Çin və Səudiyyə Ərəbistanı ilə aylansları onun həmin ölkələrin rəqibləri ilə əlaqələri dərinləşdirməsi üçün çevikliyini azaldır", – Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzində Cənubi Asiya üzrə baş elmi işçi Maykl Kuqelman AzadlıqRadiosuna deyib.
Təhlilçi rəqib Hindistanın məhz diplomatik çevikliyini saxlamaq üçün alyanslara getmədiyini qeyd edir.
Son 18 ayda Tehran və Ər-Riyad münasibətlərini təkmilləşdirən addımlar atıblar və bu, Pakistanın da xeyrinə olub.
Kuqelmanın fikrincə, bu yaxınlaşma Pakistanın İranla işləməyə daha çox diplomatik imkan açıb, amma İslamabad yenə də incə davranmalıdır.
İncə diplomatik balanslaşdırmada dinin də rolu var. Səudiyyə Ərəbistanı da Pakistan kimi, əsasən, sünni ölkəsidir və şiə İranın ideoloji rəqibidir.
İslamabaddakı Dövlət Müasir Dillər Universitetinin professoru Xalid Sultan deyir ki, bu məzhəb fərqləri özünü xarici siyasətdə də göstərir: "İdeoloji fərqlər, regiondakı strateji baxımdan yenidən qruplaşmalar, əfqan teatrı və sərhəd təhlükəsizliyi, silahlı münaqişələr Pakistan-İran münasibətlərinin əsas çətinlikləridir".
"Suriya, İraq və Yəməndəki proksi müharibələr fonunda İranın Səudiyyə Ərəbistanı ilə rəqabəti Pakistanı çətin diplomatik mövqeyə salır", – o vurğulayır.