Morsal və onun üç azyaşlı övladı Əfqanıstanın şərqində, qayınatasıgilin evinin həyətindəki yararsız bir tikilidə yaşayırlar.
Ölkənin de-fakto rəhbəri olan "Taliban"ın qadınlar üçün, demək olar ki, bütün iş imkanlarını dayandırması və ehtiyac içində olan ailələri dəstəkləyən heç bir sosial təminat sisteminin mövcud olmaması səbəbindən 40-yaşlı dul qadın Morsal və onun əlil oğlu da daxil olmaqla, digər uşaqları heç bir müdafiə və dəstəkdən yararlana bilmirlər.
Kimliyini qorumaq məqsədilə şərti adı Morsal olan qadın bir vaxtlar Əfqanıstandakı bir neçə qadın sığınacağından birinə üz tuta bilirdi.
Lakin 2021-ci ilin avqustunda "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra ölkədə keçmiş hökumətin dövründə fəaliyyət göstərən 26 qadın sığınacağının, demək olar ki, hamısı bağlanıb. Bu da Morsal kimi qadınları zorakılıq və istismar riskinə qarşı tamamilə müdafiəsiz qoyub.
"Mənim mərhum həyat yoldaşım (əvvəlki hökumətin) milli ordusunda xidmət edərkən həlak olub və onun özünə məxsus evi yox idi", - Morsal AzadlıqRadiosuna bildirib. O əlavə edib ki, gedəcəyi başqa yeri olmadığından yalnız qayınatasıgilə sığınmalı olub. Bu yeri isə o, "zorakılıq evi" kimi təsvir edir: "Qayınlarım məni təhqir, mənə qarşı zorakılıq edir. Bacımın evinə getdim, amma onun əri də mənim onlarla yaşamağımı istəmədi, ona görə də qayınatamgilin yanına qayıtmalı oldum".
2021-ci ilin yayında "Taliban" ildırım sürətiylə Əfqanıstan şəhərlərini ələ keçirərkən bir çox qadın sığınacaqları qisasla üzləşmək qorxusuna görə fəaliyyətini dayandırıb. Bir çox hallarda sığınacaq işçiləri vacib sənədləri yandıraraq sığınacaq verdikləri qadınlarla birlikdə qaçmağa məcbur olublar.
"Taliban" Əfqanıstanda yenidən hakimiyyətə gəlməzdən əvvəl də güclü mühafizəkar və patriarxal bu ölkədə qadın sığınacaqları şiddətli tənqidlərə məruz qalırdı.
Bu ölkədə məişət zorakılığı adi haldır. Məcburi nikahlar normadır və qadınların intihar nisbətinə görə Əfqanıstan dünyada ilk sıralardadır.
Bəzi hallarda tamamilə gizli şəkildə, ictimaiyyətin diqqətindən kənarda fəaliyyət göstərmiş qadın sığınacaqlarının rəsmiləri bildiriblər ki, onlar çox ağır bir seçim qarşısında qalıblar: ya sığınacaqları açıq saxlayıb əməkdaşları və oraya sığınan qadınları "Taliban"ın mümkün təzyiq və cəzasına məruz qoymaq, ya da fəaliyyətlərini dayandıraraq qadınları yenidən zorakılıq gördükləri ailələrə geri göndərmək.
Morsal və Əfqanıstanın müxtəlif bölgələrindən AzadlıqRadiosuna danışan bir neçə başqa qadın bildirib ki, sığınacaqlar onlara təkcə təhlükəsiz yer deyil, psixoloji məsləhət, hüquqi yardım və digər dəstəklər də təqdim edirdi. Bu xidmətlər, əsasən, zorakı həyat yoldaşlarından, ailə üzvlərindən və ya məcburi nikahlardan qaçan qadınlara yönəlmişdi.
Qadınların sözlərinə görə, sığınacaqların olmaması onları zorakı ailə üzvləri ilə yaşamağa məcbur edir, çünki "onlar üçün çöldə – bu son dərəcə mühafizəkar cəmiyyətdə –heç bir həyat yoxdur". Belə bir mühitdə boşanma ayıb sayılır və qadınlardan, istismar və zorakılığa baxmayaraq, həyat yoldaşlarının yanında qalmaq tələb olunur.
BMT bildirir ki, "Taliban" hakimiyyətinin qadınlara qarşı ciddi ayrıseçkiliyi "gender təqibi və gender aparteidi" kimi səciyyələndirilə bilər.
Daha da pisi odur ki, BMT iyuldakı hesabatında deyib ki, "Taliban" rejimindən qaçaraq sığınacaq tapdıqları ölkələrdən geri qaytarılan milyonlarla əfqan qaçqın ölkədə onsuz da zəif olan sistemi daha çox yükləyir. 2023-cü ilin sentyabrından bəri 2.43 milyondan çox sənədsiz əfqan miqrant İran və Pakistandan qayıdıb. Onların üçdə birindən çoxu qadın və qızlardır.
BMT qeyd edib ki, ölkədə ağırlaşan humanitar vəziyyətdən daha çox əzab çəkən qadınlar və qızlardır: "Qayıdanlar artan gender əsaslı zorakılıq, erkən və məcburi evlilik, insan alveri və məcburi cinsi münasibət kimi risklərlə üz-üzə qalırlar. Bütün bunlar əsas ehtiyacların təmin olunmaması fonunda daha da dərinləşir".
İyulun 8-də Beynəlxalq Cinayət Məhkəməsi Əfqanıstandakı yüksəkvəzifəli "Taliban" rəhbərləri barəsində həbs orderləri verib. Məhkəmə bəyan edib ki, "Taliban"ın ali lideri Heybətulla Axundzadə və baş hakimi Əbdül Hakim Həqqaninin "gender əsaslı təqib" — insanlığa qarşı cinayət törətdiklərinə dair "əsaslı şübhələr" mövcuddur.
Qadınlarla İş üzrə Nazirlik bağlanıb
Adının açıqlanmaması şərtiylə AzadlıqRadiosuna danışan, Əfqanıstanın şimalındakı Kunduz vilayətindən olan 26-yaşlı bir evdar qadın bildirib ki, evdə yaşadığı zorakılıq, yoxsulluq və imkanların olmaması onu çıxış yolu olmayan çıxılmaz dövrəyə salıb.
İki uşaq anası olan qadın öz əri, ərinin valideynləri və qardaş-bacıları ilə bir evdə yaşayır. Bu yaxınlarda yeddi illik əri ikinci arvadla evlənib.
"Bu ailə son dərəcə sərt, zorakı və şəfqətsizdir. Onların qəddar rəftarı, zorakılığı məndə davamlı baş ağrılarına və depressiyaya səbəb olub, amma buna görə hökumətə şikayət edə bilmirəm",- qadın bildirib.
"Üstəlik, mən həddindən artıq yoxsulluq içində yaşayıram, düzgün yorğan-döşəyim belə yoxdur, nə iş var, nə də digər imkanlar", - o, ağlayaraq deyib. O, niyə hakimiyyət orqanlarına şikayət edə bilmədiyini ətraflı izah etməyib. "Taliban" əvvəlki hökumətin Qadınlarla İş üzrə Nazirliyini bağlayıb və onun yerinə sərt "əxlaq" kodeksini tətbiq edən Fəsad və Fəzilət Nazirliyini yaradıb.
"Hazırda Əfqanıstanda zorakılıq qurbanı olan qadınların üzləşdikləri problemlər barədə danışacağı, dəstək almaq üçün müraciət edə biləcəyi heç bir idarə və ya qurum yoxdur", - keçmiş Qadınlarla İş üzrə Nazirliyin sözçüsü vəzifəsində çalışmış Röya Dadras bildirib.
"Ona görə də məcburi və erkən nikahlar, məişət zorakılığı, qadın intiharları pik həddə çatıb", - Dadras AzadlıqRadiosuna deyib, lakin o, statistik məlumat verməyib.
AzadlıqRadiosu şərh üçün Kabildəki "Taliban" rəsmiləri ilə əlaqə saxlasa da, cavab ala bilməyib.
Fəsad və Fəzilət Nazirliyi son günlərdə 17 qadını ailə zorakılığından xilas etdiyini açıqlayıb, lakin detallar barədə məlumat verilməyib.
İyunda isə nazirlik bildirmişdi ki, son üç ay ərzində 85 miras mübahisəsi, 101 "qəddar rəftar" və 68 məcburi nikah hadisəsi ilə bağlı qadınların problemlərini həll edib.
Qalan son sığınacaqlar
Fəal Meri Əkrəmi 2003-cü ildə Əfqanıstanda ilk qadın sığınacağı - Əfqan Qadın Bacarıqlarının İnkişafı Mərkəzini açıb. Əkrəmi AzadlıqRadiosuna bildirib ki, paytaxt Kabildə yerləşən mərkəzə ailə zorakılığının qurbanı olan qadınlar sığınıb və onların sayı təxminən 80 nəfər idi. Mərkəz onlara psixoloji məsləhət və hüquqi yardım göstərir, həmçinin sığınacaqdakılar üçün savadsızlıqla mübarizə kursları təşkil edirdi, çünki onların əksəriyyəti əvvəllər heç vaxt məktəbə getməyib. Bundan əlavə, mərkəz tikiş və aşpazlıq kimi əsas bacarıq təlimləri də təklif edib.
İşinə görə təhdidlərlə üzləşən M.Əkrəmi Əfqanıstanı tərk edib.
Mərkəz açıq qalan azsaylı qadın sığınacaqlarından biridir, lakin Əkrəmi deyib ki, "Taliban" sığınacağın fəaliyyətini dəyişib. Fəal əlavə məlumat verməyib.
AzadlıqRadiosu mərkəzin hazırkı rəhbəri – tanınmış qadın hüquqları müdafiəçisi Məhbubə Seracla əlaqə saxlasa da, cavab almayıb.
Yazı AzadlıqRadiosunun "Radio Fərda" xidmətinin müxbiri Firuzə Əzizi tərəfindən hazırlanıb.