Türkmənistanlı fəalları Türkiyə deportasiya edir

Alişer Sahatov və Abdulla Orusov

Türkiyənin Samsun şəhər məhkəməsi türkmənistanlı fəallar Alişer SahatovAbdulla Orusovun Türkmənistana deportasiyasına qərar verib. Bu barədə Türkmən Helsinki İnsan Haqları Fondu vəkilə istinadən məlumat yayıb.

Məhkəmə qərarı iyunun 13-də çıxarılıb, lakin vəkilə bu barədə yalnız iki həftə sonra məlumat verilib. Vəkil bu qərardan yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməyi planlaşdırır.

Türkiyəli hakim iddiaçıların Türkmənistana qaytarıldığı təqdirdə təqib və pis rəftar riski ilə bağlı arqumentlərini nəzərə almayıb.

A.Sahatov və A.Orusov ötən ilin aprelində Sinop şəhərində saxlanılaraq Ankaradakı deportasiya mərkəzinə aparılıb. Turkmen.news öz mənbələrinə istinadən yazır ki, mərkəzə gətirildikdən sonra fəallar Türkiyədən sığınacaq istəyiblər. Mayın 5-də onlara beynəlxalq müdafiədən imtina barədə rəsmi bildiriş təqdim olunub. Bundan əlavə, Türkiyə hakimiyyəti onlara "Türkiyənin milli təhlükəsizliyinə qarşı" fəaliyyətdə şübhəli bilinən şəxs statusu verib.

A.Sahatov "Erkin Garaýyş" (Azad Baxış) adlı YouTube kanalında Türkiyədə yaşayan həmvətənlərinin problemlərini işıqlandırır və Türkmənistan hakimiyyətini tənqid edirdi. O, 2018-ci ildə həyat yoldaşı və övladları ilə birlikdə Türkiyəyə köçmüşdü.

A.Orusov isə türkmənistanlı məmurların qanunsuz hərəkətləri və vəzifələrindən sui-istifadə hallarını sosial şəbəkələrdə paylaşırdı.

Onlar Türkmənistana deportasiya olunacağı təqdirdə orada həbs təhlükəsi ilə üzləşə bilər.