Tramp Netanyahuya İranla danışıqlar planlaşdırıldığını deyib

Donald Tramp və Benyamin Netanyahu Ağ evdə şam yeməyində.

İyulun 7-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Ağ evdə qəbul edib. Görüşün əsas mövzusunun Qəzzadakı müharibə olacağı gözlənilsə də, Trampın İranla bağlı diplomatik səylərinə də toxunulacağı bildirilib. Bu, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsindən sonra baş verir.

Tramp baş nazir Netanyahu və digər ABŞ və İsrail rəsmiləri ilə birgə qatıldığı şam yeməyi zamanı jurnalistlərə bildirib ki, İran tərəfindən ABŞ rəsmiləri ilə görüşmək üçün müraciət olunub və o, bu təklifi qəbul edib.

"Biz İran danışıqlarını təyin etmişik və onlar danışmaq istəyirlər", - Tramp deyib.

Tramp və Netanyahu ilə şam yeməyinə qatılan xüsusi nümayəndə Stiv Uitkoff görüşün tezliklə, bəlkə də, bir həftə sonra baş tutacağını bildirib.

Netanyahu daha əvvəl Uitkoff və dövlət katibi Marko Rubio ilə də görüşüb. Bu gün, iyulun 8-də isə İsrail hökumət başçısının Konqres liderləri ilə görüşü gözlənilir.

Prezident Tramp bildirib ki, o, İsrail baş naziri Netanyahu ilə İranla "daimi razılaşma" perspektivlərini müzakirə etmək istəyir. O əlavə edib ki, müəyyən bir mərhələdə ABŞ İrana qarşı sanksiyalarını ləğv etməyə hazır ola bilər.

Tramp, həmçinin, HƏMAS-ın (ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır) İsraillə münaqişəyə son qoymağa hazır olduğuna inandığını ifadə edib. Tramp "Qəzza ilə bağlı sülh sazişinə nə mane olur" sualına cavab olaraq "hər şeyin çox yaxşı getdiyini düşünürəm" deyib.

Netanyahu isə bildirib ki, ABŞ və İsrail fələstinlilərə "daha yaxşı gələcək" təklif edəcək digər ölkələrlə birgə işləyirlər. O, Qəzza sakinlərinin qonşu ölkələrə köçə biləcəyini təklif edib.

Tramp və Netanyahunun görüşdüyü bir vaxtda İsrail rəsmiləri ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs və israilli girovların azad olunmasına dair razılaşma əldə etmək məqsədilə HƏMAS-la dolayı danışıqlar aparır.

İranın nüvə ambisiyalarına zərbə vuran əməliyyatdan sonra Tramp-Netanyahu görüşü hər iki lider üçün bir növ uğur nümayişi kimi qiymətləndirilir. Lakin indi diqqət hərbi əməliyyatlardan diplomatik səylərə yönəlib və bu ən azı prezident Tramp üçün belədir.

ABŞ prezidenti İranın nüvə proqramının hazırkı durumunu nəzərə alaraq, indi bu ölkə ilə razılaşma əldə etməyin əhəmiyyəti ilə bağlı qarışıq mesajlar verib.

AzadlıqRadiosunun mənbələrinin məlumatına görə, Tehran və Vaşinqton arasındakı danışıqların növbəti raundu iyulun 10-da Norveçin Oslo şəhərində keçiriləcək.

Tramp İranla daimi razılaşmanın nəyi əhatə edə biləcəyi barədə geniş açıqlama verməyib. Lakin bu, (qısa müddətli) böhran idarəçiliyindən daha uzunmüddətli strategiyaya - İranın nüvə ambisiyaları, regional fəaliyyəti və Yaxın Şərqin daha geniş təhlükəsizlik arxitekturasını əhatə edən ümumi bir razılaşmanın əldə olunmasına - keçid olduğunu göstərir.

Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

İran prezidenti Vaşinqtonla fikir ayrılıqlarının diplomatik həllinə inanır

İran yeni danışıqlar raundunun keçiriləcəyi barədə açıqlama verməyib, lakin İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində ölkəsinin diplomatik yollarla ABŞ ilə arasındakı fikir ayrılıqlarını "çox asanlıqla" həll edə biləcəyini deyib.

O, həmçinin İsrail baş naziri Netanyahunu ABŞ ilə danışıqların ortasında İrana zərbələr endirərək diplomatiyanı "batırmaqda" ittiham edib.

Pezeşkian Vaşinqtona qarşı etimadın az olduğunu və Tehran üçün İsrailə yenidən hücum etmək icazəsi verilməyəcəyi barədə zəmanətin lazım olduğunu bildirib.

Netanyahu ABŞ-nin İranla danışıqlara yenidən başlaması barədə açıq şəkildə şərh verməyib, lakin o, Tehranla diplomatiyaya qarşı sərt mövqe tutur və diplomatik əlaqələrdən çox hərbi çəkindirməyə üstünlük verir.

İsrailin baş naziri "Liviya tipli" razılaşmanı müdafiə edib ki, bu da İranın bütün nüvə proqramının aradan qaldırılmasını nəzərdə tutur. Bu isə Tehran üçün qəbuledilməzdir.

ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, Netanyahu, ehtimal ki, Trampı İranın nüvə proqramının hələ də təhlükəli ola biləcəyinə inandırmağa çalışacaq.

"Mən düşünürəm ki, İsrailin mövqeyi belə olacaq ki, İranın nüvə proqramı ciddi zərər görüb, amma yenidən bərpa edilə bilər və hələ də təhlükə olaraq qalır", - o, iyulun 7-də AzadlıqRadiosuna müsahibəsində bildirib. "Bu isə İsrail üçün açıq şəkildə mövcudluq məsələsidir".

İranın nüvə proqramı zərər görüb, amma tam dağıdılmayıb və diplomatiya hələ də qeyri-müəyyəndir, Tramp bu vəziyyətdən dinamikanı dəyişmək üçün fürsət görə bilər. İrana qarşı hava zərbələrinə qoşularaq Netanyahuya hərbi dəstək vermiş Tramp indi bunun müqabilində diplomatik imkanlar tələb edə bilər.

Netanyahunun şərtlərini yerinə yetirdikdən sonra Tramp indi İsrailin onun maraqlarına xidmət edən razılaşmanı dəstəkləmək vaxtının çatdığını irəli sürə bilər.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.