Nazir müavini: Aylıq sabit tariflər 1 manatı aşmayacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

İşıq-qaz yenə bahalaşa bilərmi? 'Vergi az idi, indi o dövr bitir'

Növbədənkənar sessiya çərçivəsində Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Qaz təchizatı haqqında" yeni Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minməlidir. Amma bununla belə, qanunun bir sıra müddəalarının qüvvəyə minmə müddətləri fərqli göstərilib.

Qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçir. Qaz təchizatı sektorunda qiymətləri (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici müəyyən edəcək. 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək isə qaz tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tənzimləyəcək.

Sənəddə sabit tariflər məsələsi də öz əksini tapıb. Hansı ki, layihədə bu məsələ bəlli olduqdan sonra cəmiyyətdə tənqidlərə səbəb olmuşdu. Tənqidçilər hesab edirdilər ki, evdə qazdan (və ya elektrikdən) istifadə olunmadığı halda, sabit tariflərin müəyyən edilməsi "vətəndaşların cibinə girməkdir".

İyulun 8-də layihə üçüncü oxunuşda qəbul edilərkən bildirilib ki, Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq. Yerli saytların məlumatına görə, bunu energetika nazirinin müavini Orxan Zeynallı deyib. O qeyd edib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında "daha ədalətli" bölünməsidir.