Polisin sosial müdafiəsi gücləndirilir

Polis Bakıda 8 Mart yürüşü zamanı

Milli Məclis "Polis haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.

AZƏRTAC-ın xəbərinə görə, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyində yer alıb.

Dəyişiklik polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə izah edilib.

Qanunda yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək.

Bu vəsaitlər aşağıdakılardan ibarətdir:

1. Polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi;

2. Cinayət məsuliyyətindən azad edilmə üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi.

Xatırlatma

Bundan əvvəl də bir sıra sahələr üzrə Azərbaycanda qanunvericiliyə oxşar dəyişiklik edilib. Söhbət toplanan cərimələrin müəyyən hissəsinin həmin sahədə əmək haqlarının artırılmasına ayrılmasından gedir.

Qanunvericiliyə belə dəyişikliklər cəmiyyətdə, bir qayda olaraq, birmənalı qarşılanmır. Bir sıra ekspertlər hesab edirlər ki, həmin dəyişikliklər əhalinin sosial müdafiəsində balansın pozulmasını daha da dərinləşdirir.