Moskvada reydlərdə 500-dən çox miqrant saxlanıb

Moskva yataqxanalarından birinə reyd.

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada yataqxana və ibadət evlərində reydlər keçirib. Moskva üzrə İstintaq Komitəsinin məlumatına görə, bu reydlərin məqsədi "qanunsuz miqrasiyanın aşkar olunması və qarşısının alınması" olub.

Reydlər nəticəsində 500-dən çox şəxs yoxlanış üçün polis bölmələrinə aparılıb. Giriş qaydalarının və ölkədə qalma rejiminin pozulmasına görə 30-dan çox şəxs Rusiyadan çıxarılıb və inzibati məsuliyyətə cəlb olunub. "CurrentTimeTV"nin məlumatına görə, həmin şəxslərdən biri axtarışda olub.

İstintaq Komitəsi reydlərin dəqiq nə vaxt keçirildiyini və hansı ölkə vətəndaşlarının Rusiyadan çıxarıldığını açıqlamayıb.

2024-cü ilin martında Moskvadakı "Crocus City" konsert kompleksində baş vermiş terror aktından sonra ölkədə əcnəbilərə və əmək miqrantlarına qarşı siyasət sərtləşdirilib. Rusiya istintaq orqanları həmin terror aktının təşkilatçılarının Tacikistan vətəndaşları olduğunu bildirmişdi. Bundan əlavə, hüquq-mühafizə orqanları millətçi "Rus icması" təşkilatının nümayəndələri ilə birgə vaxtaşırı bazarlarda, məscidlərdə, hamamlarda və kafelərdə reydlər keçirirlər.