Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, xaricdən videomüşahidə kameralarına müdaxilənin qarşısını alıb.
Qurumun iyulun 8-də yayılan məlumatına görə, Azərbaycanda ofislərdə, mənzillərdə quraşdırılmış videomüşahidə kameralarına internet üzərindən məsafədən icazəsiz qoşularaq şəxsi və ailə sirri təşkil edən görüntülərin ələ keçirilməsi ilə bağlı texniki tədbirlər görülüb.
Vurğulandığına görə, araşdırmalarla videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub: "Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb".
DTX-nin əlavə etməsinə görə, aidiyyəti xarici istehsalçı şirkətdən təhlükəsizlik boşluğunun aradan qaldırılması tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.
DTX hər hansı ölkə və ya fərd adı çəkməyib.