Rusiya XİN Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu bilmək istəyir

Rus dili

Rusiya İctimai Rəyi Araşdırma Mərkəzi (VTsIOM) Xarici İşlər Nazirliyinin (XİN) sifarişi ilə xaricdə, özəlliklə Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu öyrənmək üçün sosioloji tədqiqat aparacaq. Rusiyanın "Vedomosti" qəzeti VTsIOM-un 34.8 milyon rublluq tenderi udduğunu yazır.

Belə bir tədqiqatın aparılmasına Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin təsiri olubmu? VTsIOM-un baş direktoru Valeri Fyodorov bu suala belə cavab verib: "Eskalasiyalar gəlir, gedir"... O, tədqiqatın hələ başlamadığını, tenderi təzəlikcə udduqlarını, hələ müqavilə bağlandığını söyləyib.

Özbəkistan, Venesuela, Hindistan, Çin, BƏƏ-də də rus dilinə dəstək məqsədilə keçirilən tədbirlərin effektini öyrənəcəklər. VTsIOM əhatə dairəsini genişləndirərək İsrail, Hindistan, Qazaxıstan, Çin, Kuba və Misirdə də rus dilinin vəziyyətini öyrənib.

Sosioloji sorğu zamanı hər bir ölkədə azı 1500 respondentin fikri telefon söhbəti, azı min nəfərin rəyi isə birbaşa müsahibə yoluyla soruşulacaq.

Ekspertiza aparılacaq, tövsiyələr hazırlanacaq

VTsIOM həmçinin xaricdə rus dilindən necə istifadə olunduğunu ekspertizadan keçirəcək, sözügedən ölkələrdə onun cəlbediciliyini artırmaq üçün tövsiyələr hazırlayacaq. Ekspertizanı linqvistika, beynəlxalq münasibətlər, kulturologiya və media sahəsi üzrə 10 mütəxəssis aparacaq. Daha sonra Moskvada tematik dəyirmi masa keçiriləcək.

"Vedomosti" qeyd edir ki, xaricdə rus dilinin təbliği ilə XİN, "Rossotrudniçestvo", digər qurumlar məşğul olur. "Rossotrudniçestvo"nun təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edib.

Qəzet Qazaxıstanda hazırda 3 min 606 rusdilli məktəb olduğunu yazır. Özbəkistanda rusdilli və qarışıq məktəblərin sayı mindən yuxarı, Qırğızıstanda 751, Tacikistanda 200, Türkmənistanda 71-dir.

Prezident İlham Əliyev 2022-ci ildə rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə demişdi ki, Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır.

Ölkədə 17 məktəb tədris tam rus dilində aparılır, 340 təhsil müəssisəsində isə rus bölməsi var.

Hökumətyönlü media yazdı, Zaxarova təkzib etdi

İyunun 27-dən Moskva ilə Bakı arasında münasibətlərdə gərginlik müşahidə olunub. Rusiyanın Yekaterinburq şəhərində zorakı polis reydi zamanı iki azərbaycanlı ölüb, onlarla azərbaycanlı saxlanılıb. Reyd 15-20 il öncə baş vermiş cinayət hadisələri ilə əlaqələndirilib. Rəsmi Bakı azərbaycanlılara qarşı zorakılığı pisləyib. Bundan sonra Bakıda polis "Sputnik-Azərbaycan" agentliyinin ofisində reyd keçirib, qurumun rəhbərliyi saxlanılıb. Daha sonra Bakıda mütəşəkkil dəstə üzvü olduqları bildirilən rusiyalılar saxlanılıb.

Bu gərginlik fonunda Azərbaycanda sosial mediada rusdilli məktəblərin bağlanmasına çağırışlar səslənib. Hökumətyönlü media valideynlərə belə bir bildiriş göndərildiyini yazıb. Amma sonradan Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Elm və Təhsil Nazirliyinin bu məlumatı təkzib etdiyini bildirib. Qurumdan APA agentliyinin sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır. Amma elə bu və digər media orqanlarında ölkədə rus dilində bu qədər məktəbə, rus dilinə dövlət dəstəyinin vacib olub-olmamasına dair təhlili yazılar dərc olunub.

Ölkədə bəzi yüksəkvəzifəli məmurların, eləcə də prezidentin yaxın ətrafının Azərbaycan dilində pis danışması isə ana dilinə real münasibətin göstəricisi kimi zaman-zaman tənqid edilib.