İyulun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, onun ölkəsi Ukraynaya özünü Rusiyanın hücumlarından müdafiə etmək üçün daha çox silah göndərəcək.
Tramp Ağ evdə jurnalistlərə bildirib: "Biz daha çox silah göndərəcəyik. Göndərməliyik. Onlar özlərini müdafiə edə bilməlidirlər. İndi çox ağır zərbələr alırlar".
O, İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyinin əvvəlində danışarkən deyib ki, ABŞ ilk növbədə müdafiə silahları göndərəcək.
Prezidentin bu şərhi Pentaqonun keçən həftə Ukraynaya bəzi silahların göndərilməsinin dayandırılacağı barədə yaydığı açıqlamaya zidd görünür.
Ukrayna Vaşinqtondan daha çox "Patriot" raketləri və sistemlərinin satılmasını istəyir. Bu silahlar, demək olar ki, hər gecə davam edən Rusiya hava zərbələrindən Ukrayna şəhərlərini müdafiə etmək üçün vacib hesab olunur. Ukrayna prezidenti Volodimir Zelenski iyulun 7-də gecə yayımlanan videomüraciətində bir daha "Patriot" hava müdafiə bölmələrinin əhəmiyyətini vurğulayıb: "Biz xüsusilə Amerika tərəfi ilə "Patriot"lar və onlar üçün raketlərlə bağlı müvafiq qərarlar üzərində işləyirik".
İyulun 4-də prezident Trampla telefon danışığından sonra Zelenski deyib ki, Rusiyanın hücumları artdıqca, Kiyev səmanı müdafiə etmək qabiliyyətinin gücləndirilməsi üzərində işləyir. O, Trampla birgə müdafiə istehsalı, satınalma və investisiyaları müzakirə etdiyini bildirib.
Tramp da bu telefon danışığından sonra bəyan edib ki, Ukrayna özünü müdafiə etmək üçün "Patriot" raketlərinə ehtiyac duyur, lakin iyulun 7-də verdiyi açıqlamada konkret olaraq silahların adını çəkməyib.
Tramp münaqişəyə son qoymaqda qərarlı olduğunu bildirib və Rusiya prezidenti Vladimir Putinlə artan məyusluğunu yenidən dilə gətirib.
"Mən prezident Putindən, ümumiyyətlə, razı deyiləm",- Tramp deyib.
Tramp Putinı sülh danışıqlarına məcbur etmək üçün Rusiyanın neft sənayesinə yeni sanksiyalarla hədələmişdi, amma indiyədək bunu etməyib.