ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsindən getməyə hazırlaşan Robin Danniqan bildirib ki, hakim "Gürcü arzusu" partiyasının rəhbərliyi Tramp administrasiyasına "hədələyici, təhqiramiz, qeyri-ciddi" özəl məktub göndərib və bu məktub Vaşinqtonda çox pis qarşılanıb.
İyulun 3-də Tbilisidə AzadlıqRadiosunun gürcü xidmətinə müsahibə verən səfir Danniqan Donald Trampın ABŞ prezidenti postunda Co Baydeni əvəz etməsindən sonra iki ölkə arasında əlaqələrin pisləşdiyi barədə danışıb.
Bir zamanlar ABŞ-nin yaxın müttəfiqi olan Gürcüstanın Rusiyaya meylli siyasəti və etirazlara qarşı zorakılığı Vaşinqtonu qəzəbləndirib.
Danniqan bildirib ki, Tramp administrasiyasının ilk günlərində o, Vaşinqtona səfər edərək yüksəkvəzifəli rəsmilərlə görüşüb və daha sonra ikitərəfli münasibətlərin bərpası ilə bağlı ABŞ-nin şərtləri ilə Gürcüstana qayıdıb.
Səfir bildirib ki, ABŞ-nin irəli sürdüyü bu şərtlər cəmi iki-üç sadə addımdan ibarət idi və bunlar "anti-Amerika" ritorikasının dayandırılmasını ehtiva edirdi. Amerikalı diplomat qeyd edib ki, o, bu şərtləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş zamanı ona çatdırıb.
Üç gün sonra isə həmin özəl məktub göndərilib.
R.Danniqanın sözlərinə görə, məktubun məzmunu Tramp administrasiyasını o qədər təəccübləndirib ki, ona "cavab hazırlamaq bizə xeyli vaxt lazım oldu".
May ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze Trampa açıq məktub yazıb və heç bir cavab verilməməsindən şikayətlənib. Həmin açıq məktubda həmçinin Bayden administrasiyası dövründə tətbiq edilən və hələ də qüvvədə olan sanksiyalardan, eləcə də Konqresdə irəli sürülmüş MEGOBARI aktından narazılıq ifadə olunub. Bu qanun layihəsi Gürcüstan hökumətinin fəaliyyətinə və Rusiyaya, eləcə də Çin kimi avtoritar rejimlərə yaxınlaşmasına daha ciddi nəzarəti nəzərdə tutur.
Kobaxidze həmçinin Gürcüstanın ABŞ ilə əlaqələri yaxşılaşdırmaq istəyini vurğulayıb. Bu, Tbilisi rəsmilərinin dəfələrlə bəyan etdiyi prioritetdir.
"Gürcüstanın ən güclü adamı"
Lakin əlavə problem daha sonra meydana çıxıb.
ABŞ dövlət katibi Marko Rubio "Gürcü arzusu" partiyasının göndərdiyi özəl məktuba cavab hazırlayıb, lakin R.Danniqana tapşırıb ki, həmin cavabı Gürcüstanın ən nüfuzlu siyasi fiquru sayılan və Rusiyaya meylli milyarder Bidzina İvanişviliyə təqdim etsin.
İvanişvili həm də rəsmi olaraq Kobaxidzenin rəhbərlik etdiyi "Gürcü arzusu" partiyasının qurucusu və "fəxri" lideridir.
Lakin İvanişvili səfir Danniqanla görüşməkdən imtina edib, bildirib ki, ABŞ sanksiyaları altında olduğu bir vaxtda belə bir görüşün düzgün olmadığını düşünür. O, əlavə edib ki, bu sanksiyalar onun üçün "şəxsi şantaj" xarakteri daşıyır.
"Əgər bu ölkənin de-fakto lideri ABŞ rəhbərliyi ilə görüşmək və ya Tramp administrasiyasından göndərilən mesajı almaq istəmirsə, o, əslində öz şəxsi maraqlarını gürcü xalqının maraqlarına qarşı qoyur", - Danniqan bildirib.
Amerikalı səfirə baş nazir Kobaxidze ilə görüş təklif edilsə də, o, bundan imtina edib. "Mənə ABŞ-nin cavabını baş nazirə çatdırmağı tapşırmayıblar", - o, AzadlıqRadiosuna deyib.
Danniqan vəzifəsindən gedir
Bayden administrasiyası dövründə təyin olunan R.Danniqan bu ay vəzifəsini tərk edir və o, bunun şəxsi qərarı olduğunu bildirib. Müsahibəsində Danniqan "Gürcü arzusu" partiyasının onun ABŞ hökuməti tərəfindən geri çağırıldığı barədə yaydığı iddiaları "dezinformasiya" adlandıraraq təkzib edib.
2023-cü ilin oktyabrında Gürcüstana gəldiyi vaxtdan bəri baş verən dəyişiklikləri dəyərləndirən R.Danniqan bildirib ki, İvanişvili ilə görüşmək üçün qısa müddətlik bir imkan yaranmışdı, lakin bu imkan ötənilki Gürcüstan parlament seçkiləri səbəbindən puça çıxıb.
"Gürcü arzusu" qalib gəldiyini iddia etsə də, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçki prosesinin səslərin satın alınması, seçki karuseli, fiziki zorakılıq və hədə-qorxu halları ilə keçdiyini bildirib.
Ölkənin təhlükəsizlik qüvvələri kütləvi etirazlara zorakı müdaxilə edib, bu da 2024-cü ilin dekabrında ABŞ sanksiyalarına səbəb olub.
R.Danniqan (Gürcüstanda) qanunun aliliyi və media azadlığı ilə bağlı narahatlıqlarla yanaşı, siyasi müxalifət liderlərinin həbsi, vətəndaş cəmiyyətinin hədəfə alınmasını vurğulayaraq vəziyyətin bu gün "çox çətin" olduğunu bildirib.
"Hökumətlərimiz arasında münasibətlər çox çətin vəziyyətdədir və mən hesab edirəm ki, Gürcüstanın reputasiyası həqiqətən də zədələnib", - o deyib.
Səfir Vaşinqtonun Tbilisiyə qarşı mövqeyini sərtləşdirəcəyinə inandığını söyləyib. Mayda MEGOBARI aktı Nümayəndələr Palatası tərəfindən təsdiqlənib və indi Senatdadır.
"Mən Senatdakı bir neçə adamdan eşitmişəm ki, onlar, nəhayət, bunun (aktın) keçəcəyinə inanırlar. Bu, qismən də olsa, Gürcüstanın reputasiyasına nələrin baş verdiyini göstərir", - diplomat AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində qeyd edib.